Şəhid anasının əlini öpən generaldan ilginc açıqlamalar

Şəhid anasının əlini öpən generaldan ilginc açıqlamalar

Yaşar Aydəmirov: “Allah bizə müharibə qismət eləsin!”

Bu günlərdə sosial şəbəkələrdə və mətbuatda yayılmış bir foto xeyli müzakirə olundu. Şəhid anasının əlini öpən generalın fotosunu nəzərdə tuturam. Qarabağ savaşının əfsanəvi simalarından biri olan general-leytenant Yaşar Aydəmirovun bu fotosundan hətta düşmən mətbuatı da yazdı, ermənilər “bizim oğlu həlak olan ananın əlini öpən zabitimiz olmayıb”, deyə Azərbaycandakı nümunədən həsədlə bəhs etdilər. Generalla söhbətimizə bu foto bəhanə oldu. 

42 il hərbi xidmətdə olan 63 yaşlı şəxsin gündəlik rejimi mülki həyatda da dəyişilməz olaraq qalıb. Özü də deyir ki, hər gün erkən oyanır, gün ərzində azı 6 km gəzir. Ovçuluğa çox böyük həvəsinin olduğunu da əlavə edir. Elə ovçuluq mövzusundan başlayırıq:

- Yaşar müəllim, ən çox nələri ovlamağı xoşlayırsınız, vəhşi heyvanları, ya çöl quşlarını?

- Vəhşi heyvanlara indi icazə yoxdur. Həm də gərək bir həftəlik gedəsən, ayını, ya dağ kəlini tapasan. Amma mən dağ kəli, ayı ovlamağı xoşlamıram. O mənada ki, onlar qorunmalıdır. İndiyədək belə ova getməmişəm. Ancaq quş ovlamağı xoşlayıram. Vaxtilə xidmət edəndə Beyləqan-Ağcabədi ərazilərindəki bataqlıqlarda, kanal qıraqlarında, qamışlıqlarda, göllərdə ov edirdim.

- Heç olubmu ki, silahı tuşlamısınız ovunuza, tətiyi basarkən fikrinizi dəyişmisiniz, ya da şair demişkən, “güllələrdən cavab gəlib”?

- Yox. Hərbçidə elə şey olmaz. Sözsüz ki, “yaşılbaş sona”nı görəndə yox. Ya da hacıleylək, ya durnanı vurmuruq. Mənimki cüllütdür, qaşqaldaqdır, qaratoyuqdur, sığırçındır, ördəkdir. Qabaqlar ön mövqeyə gedəndə qabağıma çıxan dovşan, ya ördəyi vurub atırdım maşına, verirdim postdakı uşaqlara, deyirdim bişirib yeyərsiniz.

- Ova daha çox kimlərlə gedirdiniz?

- Füzuli, Ağcabədi camaatından olurdu. Onların da tüfəngləri şişmiş şəkildə. Bizimkilər barıtı çox xoşlayır axı. Barıt da çox olanda lülə şişir, bu da təhlükəlidir, hər an partlaya bilər. Barıt olmalıdır 2,3 qram, vururdular 2,7. Deyirəm niyə bu qədər barıt doldurursan? Deyir uzağa uçur. Deyəndə ki, ay bədbəxt, sənin tüfənginin lüləsi artıq şişib. Qayıdır ki, yox, komandir, şişməyib. Patron çıxarıb öz tüfəngimdə yoxlayıram, sonra onun tüfənginə salıram, girmir, deyirəm gördün, hər an partlaya bilər? Qayıdır ki, komandir, biz belə şey bilmirdik.

- Cənab general, müharibə edən ölkənin vətəndaşlarının minimum hərbi biliklərdən xəbərsiz olmaması orta məktəblərdə hərbi dərsin tədrisi məsələsini yenidən aktuallaşdırır. Razılaşırsınızmı?

“Dilqəm peşəkar kəşfiyyatçı, zabit olsaydı, bu hərəkəti etməzdi. Şəkli götürüb internetdə yaymaq nəyə lazım idi?..”

- Orta məktəblərdə hərbi dərsləri tədris edirlər, mən bilmirəm kim nəzarət edir. Təhsil Nazirliyi necə hərbi dərslərə nəzarət edər bilər? Bütün məktəblərdə şagird heç olmasa, 10-cu sinfi bitirənə qədər avtomatdan atmağı bacarmalıdır.

- Müharibə şəraitində olduğumuza görə?

- Bundan başqa, dörd tərəfi düşmən olan ölkədən söhbət gedir.

- Deməli, Müdafiə Nazirliyi ilə müştərək iş aparılmalıdır?

- Ancaq. Dərsləri Müdafiə Nazirliyi yoxlamalıdır, həmçinin atışları təşkil etməlidir. Hərbi müəllimlər də ancaq silahlı qüvvələrdə xidmət etmiş və təqaüdə çıxmış şəxslər olmalıdır.

- Siz dəvət alsanız, işləyərsinizmi?

- Mən indi Hərbi Akademiyada tədrislə məşğulam. Gələcək polkovniklərin, generalların hazırlandığı ünvanda. Ən lazımlı dərs olan hərb məharəti tarixi var, keçmişdə necə vuruşublar. Çoxları mənə deyir ki, Azərbaycanın hərb məharəti tarixi olub? Deyirəm, ay bədbəxt, bəs, Nadir şah gedib Hindistana nə təhər çıxmışdı? Şah İsmayıl Xətai o boyda imperiyanı necə yaratmışdı? Babək 150 min ərəb işğalçısını nə təhər öldürmüşdü? Cavanşir atasının təkidi ilə İran hökmdarının tabeiliyinə göndərilmişdi, Cənubi Azərbaycanda nə qədər vuruşmuşdu, ona 14 mükafat vermişdilər, məgər bu, məharət deyil? Atropat Azərbaycan tayfalarını yığıb Aleksandr Makedonskiyə qarşı vuruşub, özü də kəşfiyyat dəstəsinin komandiri olub. Mehmandarov, Şıxlınski Birinci Dünya Müharibəsində, heç bir azərbaycanlının xidmət etmədiyi orduda ən ali hərbi rütbələrə gəlib çatıb. Belə misallar çəkirəm. Bədbəxtçilik bu deyil e... Test yazıram, sərkərdələrin şəkillərini verirəm ki, bunlar kimlərdir? Baxırlar sifətimə, Babəki Cavanşirlə, Cavanşiri Atropatla qarışdırırlar. Bu mənada tədris etdiyim fənn çox önəmlidir.

- Yaşar bəy, sizin şəhid anasının əlini öpdüyünüz yerdə çəkilmiş foto böyük rezonans doğurdu, baxmayaraq ki, illər öncə çəkilmişdi. Bu fotonun tarixçəsi haqqında oxucularımıza danışa bilərsinizmi?

Aydemirov.jpg (45 KB)

- Mən komandir olanda, 1997-ci ildə bizim kəşfiyyat qruplarımız elə bizim ərazidən keçib kəşfiyyata getmişdi. Bir qrup sağ-salamat qayıtdı. Digərləri ağır döyüşdə pusquya düşdü, amma təslim olmadılar. Ermənilər yaxınlaşanda özlərini də partlatdılar, nə qədər də erməni qırıldı. Texniki Universitetdə onların xatirəsinə həsr olunan tədbir oldu. Kəşfiyyat qrupunun komandirlərdən birinin müavini leytenant Yarəliyev var idi, onun oğlu orda oxuyurdu, nə o atasını, nə də atası onu görməmişdi. Ona görə tədbir orda keçirilmişdi. Onların komandiri olan polkovnik Baxşəliyev məni və bir neçə generalı dəvət etmişdi. Hərəmiz bir nəfərə medal verməliydik. Həm də çəkilmiş filmin təqdimat mərasimi idi. Mən də düşündüm ki, medal verdiyim ağbirçəyin əlindən öpüm, bəlkə onun dərdini bir az azalda bildim. Axı, diqqət göstərmək çox vacib məsələdir.

- Hətta ermənilər də həsəd apardılar...

- Bu, təbiidir. Ermənistanda zabit oğlu ölən ananın əlini necə öpə bilər? Orada Müdafiə Nazirliyinin qarşısında əsgər anasını təpikləyib qovurlar. İkincisi də onlar öz torpaqlarını müdafiə etmək üçün döyüşmürlər ki. Bilirik ki, onlar hansısa dövlətlərin əmrini yerinə yetirənlər, müqəvva rolunu oynayanlardır. Onlar başqa dövlətin ərazisinə soxulublar. Ona görə də Ermənistanda general oğlu döyüşdə öldürülən ananın əlini öpə bilməz, çünki onları haqsız yerə ölümə göndəriblər. Özü də erməni əsgərləri təkcə döyüşdə ölmür. Bu səbəbdən general əsgər valideynlərinin yanına gələ bilməz. Deməzlərmi ki, sən bizim övladımızı hara göndərmisən? Bizdə hansı ana deyər ki, siz bizim oğlumuzu niyə Vətənin müdafiəsinə göndərmisiniz? Deməz, çünki öz Vətənini müdafiə edir.

- Həlak olan kəşfiyyatçılarımızın döyüş yolu əsl nümunədir.

“Düşündüm ki, medal verdiyim ağbirçəyin əlindən öpüm, bəlkə, onun dərdini bir az azalda bildim”

- Bəli. Onlar 8 nəfər idilər. 7-si həlak olmuşdu, 1 nəfər qumbara partlayanda ağır vəziyyətdə yaralanmışdı, ermənilər əsir götürmüşdülər. Sonra prezidentimizin  tapşırığı ilə onu geri aldılar. Mən özüm komandir olduğum ərazidə tez-tez kəşfiyyat qrupunu göndərirdim. Bir dəfə də hərbi hissə komandiri dedi ki, biz qrupu yenə göndərək, mən razılaşmadım. Dedi niyə, bu qrup hazırlıqlıdır. Bildirdim ki, hazırlıqlı olmaqdan söhbət getmir. Qrup üç dəfə düşmən arxasına keçir, ondan sonra sayıqlığını itirir. Ən böyük bəla da sayıqlığın itməsidir. Getdi ermənilərin taboru yerləşən binanın qarşısında erməni maşınına pusqu qurdular, vurub dağıtdılar. Bu zaman “Niva”nın işıqları söndü. İşıqlar sönəndə kəşfiyyatçı düşünməlidir ki, işıq niyə söndü? Deməli, kimsə sağ qalıb. Yaxınlaşanda 4-nü yaralamışdılar. Sonra da bölük komandiri digərlərinə əmr etmişdi ki, ərazidən çıxsınlar, ancaq tabe olmamışdılar.  Lakin əl qumbaralarını götürüb təkid etmişdi ki, siz gedin! Gecə saat 3-də onları qarşıladım. Orda qalanlar isə ermənilərə demişdilər ki, gəlin, biz təslim oluruq. Ermənilər gəlmişdilər, bizimkilər də qumbaraları partlatmışdılar. Sonra biz onları Ağdam-Bərdə yolu istiqamətində Qırmızı Xaçın xətti ilə dəyişəndə mən bir az pul toplayıb kəşfiyyatçını göndərdim, dedim öyrən, gör hadisə necə olub. 400 dollar verəndən sonra erməni polkovnik-leytenant demişdi ki, onlar əsl kişilər idi. Bizi aldatdılar, dedilər təslim oluruq, yaxınlaşdıq, ancaq özlərini partlatdılar, hamısı həlak oldu. Uşaqları Qubadlıya, Laçına 15-20 günlük göndərirdim. Kəşfiyyatçılar həmişə işləyib, həmişə də işləyir.

- Son illərə qədər Dilqəm Əsgərov öz dostları ilə sərbəst gedib-gəlirdi, video, foto kadrlar çəkirdi...

- Dilqəm peşəkar kəşfiyyatçı, zabit olsaydı, bu hərəkəti etməzdi. Şəkli götürüb internetdə yaymaq nəyə lazım idi? Ağdam, Qubadlı, Zəngilan, Laçında onlarla, yüzlərlə adam yerləşdirmək olar. Çünki ucqar kəndlərə heç kəs qalxmır. Bunlar gedib şəkil çəkdilər, internetə qoydular. İnternet nəzarətdədir, ermənilər hamısını oxuyur.

- Deməli, o cür bələdçilərdən istifadə edib uğurlu əməliyyatlar da keçirmək olardı?

- Sözsüz ki. Ancaq bizim hərbçilərimiz də peşəkardırlar, onlara bələdçi lazım deyil. O zonada doğulan uşaqlardır. Həm dı peşəkar kəşfiyyatçıya bələdçi gərək deyil. Onun xəritəsi, kompası, bütün cihazları var, istənilən yerə girib-çıxa bilər.

- Ermənilər iddia edirlər ki, keçilməz sədd qurublar. Düzdür, aprel döyüşləri bu iddianı alt-üst etdi. İndi təmas xəttini keçmək doğrudanmı çətindir?   

- Mən vaxtilə demişdim. Onların “Ohanyan müdafiə xətti” barədə iddiaları var idi... Nə oldu? Bölmələrimiz iki istiqamətdə hücuma keçdi, dərhal yarıldı. Onlar özlərinə çörək tapsınlar, sonra “yarılmaz”, “keçilməz” adlandırdıqları xətt haqqında düşünsünlər. Elə 2014-cü ilin bu günü Ağdam istiqamətdə vertolyotu havaya qaldırdılar, bizimkilər vurub yerə saldı. Aprel hadisələrində 10-dan artıq tankı başqa istiqamətdə irəli buraxdılar ki, guya bizimkilər vura bilməyəcək. Həmin anda vurub yerə yapışdırdılar. İstənilən zirehli texnika bizim dəqiq silahlarımızla məhv edilir. Çünki bizdə köhnə silahlar yoxdur, 90 faiz müasir silahlardır, artıq onlar bunu dərk edir. İki bölüyümüz hücuma keçdi, Ermənistan ordusunun kəşfiyyat, rabitə rəisləri, maddi-texniki təminat üzrə müdafiə nazirinin müavini vəzifədən çıxarıldı. Görün, bunlarda nə qədər problem var. Sonra baş qərargah rəisi ilə müdafiə naziri vəzifədən çıxarıldı, ardınca da ordu başqa dövlətin tabeliyinə verildi. İndi fikirləşin, biz iki bölmə ilə yox, 2 minlik ordu ilə hücuma keçsəydik, yaxud bir neçə birləşmə ilə irəliləsəydik, nə olacaqdı? Ermənilər hansı fəlakətlə üz-üzə qalacaqlarını gözəl dərk edirlər.

- Yenə də 5, yaxud 7 rayonun azad olunması ilə bağlı müzakirələr gedir. Amma hesab olunur ki, bu, vaxtı uzatmaq üçün ortaya atılıb. Bir peşəkar hərbçi olaraq bu müzakirələr haqqında nə deyə bilərsiniz?

- Əgər siyasi qərar qəbul olunsa ki, buyursunlar, dövlətlər öz talelərini özlərini həll etsinlər, o zaman Azərbaycan öz taleyini yaxın vaxtlarda həll edəcək. Mən demirəm bizdə atom bombası var, heç lazım da deyil. Ordumuz qısa müddətdə məsələni həll edəcək. Prezident açıq şəkildə dedi ki, iri dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Qoysunlar, görəcəklər nə baş verir. Bir neçə birləşmə hücuma keçsə, Dağlıq Qarabağda erməni ordusundan əsər-əlamət qalmayacaq.

- Qarşımıza rus ordusu çıxmasa...

- Mən Rusiyanı, İranı demirəm. Müdaxilə etməsələr, kifayət qədər dəqiq silahlarla təmin olunan Azərbaycan ordusu qısa müddətdə düşmənə sarsıdıcı zərbə vuracaq. Bizdə top komandiri, tank komandiri, tankın sürücü-mexaniki kimi vəzifələrdə əsgərlər deyil, bunlar hamısı MAXE-lər, gizirlərdir. Onlara nəyi necə etməyi öyrətmirik, çünki 100 dəfə bunu edib. Bu, böyük maliyyə vəsaiti tələb edən məsələdir, bunu Azərbaycan edir. Məndən soruşanda həmişə deyirəm ki, vallah, Qarabağın azad olunması məsələsi elə böyük problem deyil. Allah bizə müharibəni qismət eləsin! Böyük dövlətlər bu prosesdən kənara çəkilsinlər, Qarabağı azad etmək ordumuz üçün çox asan işdir. Azərbaycan ordusunun Qarabağ ərazisində yerləşməsi mümkün də deyil, çünki orda bu qədər yer də yoxdur. Mən təqaüddə olan adamam, mənə heç bir şey lazım deyil. Mənə lazım olan Qarabağ uğrunda müharibədir. Bu, özünüreklam deyil, azərbaycanlı qanı olan hər kəsin arzu-istəyidir.  




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər