Qadınları qatil edən kişilər...

Qadınları qatil edən kişilər...

Mehriban Zeynalova: “Qadının zorakılığa zorakılıqla cavab verməsi ciddi siqnaldır”

Bu günlərdə Bakının Sabunçu rayonunda 23 yaşlı qadının 29 yaşlı ərini öldürməsi ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrildi. Xatırlatma üçün bildirək ki, 1 və 2 yaşlı iki körpəsi olan Tünzalə Vəliyeva əri Nazim Vəliyevi özünü müdafiə edərkən öldürdüyünü deyib.

Gənc qadının sözlərinə görə, əri demək olar ki, hər gün onu döyürmüş. Bu haqda dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin göründüyü budur ki, hüquq-mühafizə orqanları vaxtında hadisənin qarşısını alacaq lazımi tədbirlər  görməyib. Gənc qadın saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Qadın müxtəlif yerlərdə günəmuzd işləyən ərinin hər gün evə içkili gəldiyini, bu əməllərindən bezdiyini və onu öldürmək niyyəti olmadığını deyib. Qeyd etdiyimiz kimi, bu hadisə ictimaiyyətdə geniş müzakirələrə yol açdı. Böyük əksəriyyət ölən kişinin öz əməllərinin qurbanı olduğunu, qadının bu işdə heç bir günahı olmadığını qeyd etdilər. Tanınmış ictimaiyyət nümayəndələri, müəyyən statusa, nüfuza malik qadınların reaksiyası isə daha gözlənilməz oldu. “Əcəb oldu”, “O cür kişilər ölümə layiqdir” kimi fikirlərin səslənməsi, hadisəni sanki sevinclə qarşılamaları bir qədər çaşqınlıq yaratdı. Maraqlıdır, cəmiyyətin bu cür reaksiyası nədən qaynaqlanır?

Bəzi ekspertlərin fikrincə, buna səbəb son illərdə cəmiyyətimizdə qadınlara qarşı məişət zorakılıqlarının artması, bəzən heç bir səbəb olmadan ailə-məişət zəminində qətlə yetirilmələridir. Mətbuatda, mediada ayda bir neçə dəfə öldürülən, zorakılığa məruz qalan, intihara əl atan qadınlarla bağlı məlumatlar yayılır. Səbəbkarlar isə daha çox keçmiş ərlər, keçmiş sevgililər, indiki ərlər, qardaşlar var.

Statistik məlumata görə, təkcə ötən il ölkəmizdə məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib ki, onlardan 807 nəfəri qadındır. Məişət zorakılığı nəticəsində 51 nəfər ölüb ki, onun 29 nəfəri qadın olub. Həmin qadınlardan 1-i 18 yaşınadək, 1-i isə hamilə olub. Qəsdən adamöldürmə nəticəsində 55 nəfər zərər çəkib ki, bunun 33 nəfəri qadındır. Ölən 46 nəfərdən isə 26-sı qadın olub.

Bütün bunlar onu göstərir ki, ölkədə qadınlara qarşı zorakılıq var.

Ekspertlər də qeyd edir ki, qadınlara qarşı zorakılıqlar, qətllər aradan qaldırılmazsa, bu günlərdə Sabunçu rayonunda baş verən olay artan tendensiya üzrə gedəcək.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzuya bu cür şərh bildirdi: “Əslində bu, xoşa gəlməyən bir tendensiyadır. Yəni zora zorakılıqla cavab vermək və yaxud üstünlüyü zorla əldə etmək, kiminsə həyatının məhvindən zövq almaq, sevinmək, bu  çox pis haldır və mən bunu çox pisləyirəm. Təbii ki, qadına qarşı zorakılıq mövcuddur və bununla bağlı rəsmi statistika da var, gündəlik həyatımızda da müşahidə edir, görürük. Amma baş vermiş hadisədə kimsə müzakirə etmir ki, bu xanım zorakılığa məruz qaldığı halda rəsmi qurumlara müraciət edibmi, onun ailəsinə dəstək üçün istiqamət olubmu? Təbii ki, qeyri-adekvat hallarda baş verən və yaxud özünü müdafiə edərkən törədilən qətl hadisələri olur və bu dünyanın hər yerində baş verir. Amma məsələnin kökü başqadır. Yəni bu zorakılıq ola bilsin ki, uzunmüddətli davam edib və qadın heç bir mütəxəssisə müraciət etməyib. Əgər bir mütəxəssis bu ailədəki münaqişəyə müdaxilə etmiş olsaydı, bu gün həmin faciəni yaşamazdıq və iki körpəsi olan gənc qadın həbsxanaya düşməzdi”.

Mehriban Zeynalova məsələ ilə bağlı medianı da qınayıb: “Mən bu işdə telekanalları qınayıram ki, problemlə bağlı reklam çarxları vermirlər. Yəni qadınlar bilməlidirlər ki, qarşılaşdığı zorakılıqla bağlı hara müraciət edə bilərlər. Və yaxud icra hakimiyyətlərinin nəzdində komissiyalar var. Əgər hadisəni törədən xanım həmin komissiyaya müraciət edibsə, niyə mütəxəssislər onu istiqamətləndirməyiblər? Təbii ki, mütəxəssislər psixoloq deyil, amma onlar şəxsi istiqamətləndirə bilərlər. Polis bu məsələdə yardım göstərən tərəf deyil. Yəni olay zamanı şəxsin aldığı xəsarət ağır olmasa təbii ki, hər hansı bir cəza tədbiri görülmür. Fikir verin, gərək xəsarət ağır olsun ki, onu törədən şəxs həbs olunsun. Söhbət ondan gedir ki, burada istiqamətləndirmə məsələsi mövcud deyil. Əgər polis qadını icra hakimiyyətinə göndərsəydi və icra hakimiyyəti mövcud mərkəzlərlə məlumatlı olsaydı bu ailəyə müdaxilə olunardı və bəlkə də olay qətl hadisəsi törədilmədən aradan qaldırılardı. Problem istiqamətləndirilmədədir. Ola bilsin ki, polisin mərkəzlərlə bağlı xəbəri yoxdur. Bəzən qurum kimi polis idarələrinə gedir, bildiririk ki, belə bir mərkəzimiz var, əgər problem olarsa bizə istiqamətləndirin. Bu zaman görürük ki, bir çox polis idarələrinin bu cür qurumlardan xəbəri yoxdur. Bunun üçün də qeyd etdim ki, telekanallar  bu məsələlərdə geniş maarifləndirici işlər görə bilər. Amma bugünkü gündə telekanallar bununla bağlı çox passiv roldadır”.

Mehriban Zeynalova onu da qeyd etdi ki, son bir ildə artıq bir neçə dəfədir ki, qadınlar zorakılığa zorakılıqla cavab verir: “Bu cür faktlar var artıq. Və bu onu göstərir ki, özünü müdafiə və zorakılığa zorakılıqla cavab vermək tendensiyası artmaqdadır. Bu cür hadisələr baş verəndə sosial şəbəkələrdən görürük ki, olaya "bravo" deyənlər, qətl törədən qadını dəstəkləyənlər var. Amma bir daha qeyd edirəm ki, bu cür faktları çox pisləyirəm. Ümumiyyətlə, qadının zorakılığa zorakılıqla cavab verməsi çox ciddi siqnaldır". (Yeni Musavat)




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər