“İş burasındadır ki, bu tikilini mən...'' - İcra başçısı sahibkarın mülkünün dağıdılmasından danışdı

“İş burasındadır ki, bu tikilini mən...'' - İcra başçısı sahibkarın mülkünün dağıdılmasından danışdı

Başçı əsassız arqumentlərlə özünə haqq qazandırmağa çalışır; hüquqşünas: “Ramiz Yediyarovun davranışları prezidentin sahibkarlıqla bağlı qərarlarını saya salmamağın göstəricisidir”

Gədəbəyin icra başçısı Ramiz Yediyarov sahibkar Fəxrəddin Bağırovun ticarət obyektinin qapı-pəncərələrini daşla hördürməsi məsələsinə reaksiya verib. İcra başçısı virtualaz.org-un Gədəbəyə ezam olunmuş müxbirlərinə deyib: “Biz ona öz biznesini bunun üçün hər cür şərait yaradılmış rayon mərkəzinin çıxışına köçürməyi təklif etdik. Özü də hər şey pulsuz təklif olunurdu və bu ev də onun ixtiyarında qalacaqdı. Yeri gəlmişkən, o, burada başqa kommersiya obyekti təşkil edə bilərdi. Qonşuluqda tikinti malları satan həmkarları bizim təklifi qəbul etdilər və tikinti materialları ticarətini rayonun mərkəzindən onun kənarına köçürdülər, köhnə mağazaları isə başqa obyektlərə çevirdilər. Misal üçün, ən yaxın qonşuları tikinti malları ticarətini dediyimiz ünvana köçürdülər, köhnə yerdə isə gözəl mebel mağazaları açdılar. Buna görə də, burada sahibkarların sıxışdırılmasından söhbət gedə bilməz”.

Buna da bax: Gədəbəydə icra başçısı sahibkarın obyektinin qapısını hördürür - TƏCİLİ+FOTOFAKTLAR

Bəs söhbət nədən gedə bilər?

Sahibkarın obyektinin qapı-pəncərələri daşla tikilib, obyekt faktiki blokadaya alınıb, orada ticarət bu üzdən dayanıb. İşçilər, sahibkar işsizdir. Yəni qazancları da yoxdur. Bunun adı sahibkarın sıxışdırılması deyilsə, nədir?

“İnanıram ki, bundan sonra Gədəbəyin icra başçısı Ramiz Yediyarovu yerində oturdacaqlar”

Bu sual ətrafında icra başçısı fikirlərini davam edir: “Düzdür, Bağırovla bağlı başqa problemlər yarandı və onlar bir çox qaydaların pozulması ilə əlaqədardır ki, bunların həllindən sonra həmin obyekt, ümumiyyətlə, sökülə bilər. Belə ki, bu əraziyə reyestrdən çıxarış (”kupça") yerli aqrar islahatlar idarəsi tərəfindən 2009-cu ildə verilmiş sənədə əsasən təqdim olunub. Halbuki, həmin idarə bundan 3 il əvvəl fəaliyyətini dayandırıb. Anlamaq olmur ki, ləğv edilmiş struktur bu cür sənədi necə verə bilərdi. Bu gün bu məsələ ilə müvafiq orqanlar məşğul olur və onlar yekun qərar verəcəklər. Bundan savayı, mağazanın həyətindən yüksək təzyiqli qaz kəməri keçir və onun üzəri bir neçə metr qalınlıqda torpaqla örtülüdür. Bu, yalnız mağazanın özü, işçiləri və müştəriləri üçün deyil, eyni zamanda yaxınlıqda yerləşən evlər və onların sakinləri üçün də böyük təhlükə mənbəyidir. Yeri gəlmişkən, “Azəriqaz” artıq vəziyyətlə tanışdır və yəqin ki, tezliklə onlar da qərarlarını verəcəklər. Evin divarları da FHN-lə razılaşdırılmadan yenidən qurulub".

Buna da bax: Sahibkar prezidentə müraciət etdi, başçı buldozerlə obyektini dağıtdı - SON DƏQİQƏ

İcra başçısı özünə 2 “şərik” də tapıb

Ramiz Yediyarovun sözlərindən belə aydın olur ki, o, özünün qanunsuzluğuna artıq 2 dövlət qurumunu da şərik çıxarmağa hazırlaşır və bütün bunlar ölkədə sahibkarlığın inkişafı üçün tədbirlərin görülməsi istiqamətində addımlar atılarkən baş verir.

Başçının açıqlamasından sonra sahibkar Fəxrəddin Bağırov isə Yediyarovun yadına sadəcə olaraq xırda bir təfərrüatı salır: “İş burasındadır ki, bu tikilini mən təxminən 2012-ci ilin ortalarında yerli sakin Məhəmməd Hüseynovdan almışam və o buranı yarım il ərzində yerli hakimiyyətdən aldığı icazə ilə tikinti malları dükanı kimi işlədib. Bütün rəsmiyyətə əməl etməklə aldım. Hüseynovun bu obyektə ”kupça"sı var idi, deməli, bu da avtomatik ondan xəbər verir ki, bütün texniki tələblər, o cümlədən dayaq divarları, qaz kəməri (yeri gəlmişkən, yüksək təzyiqli deyil, orta təzyiqli) orada nəzərə alınıb. Axı FHN-in və “Azəriqaz”ın icazəsi olmadan “kupça” verilmir".

Sahibkar icra başçısının obyektləri köçürməsi məsələsinə də aydınlıq gətirib. Məlum olub ki, başçının köçürmə siyasəti də əks effekt verib: “Bəli, mənə mağazanı şəhərin kənarına köçürmək təklif olunmuşdu. Lakin birincisi, həmin obyekt, bildiyimə görə, Kənd Təsərrüfatı Nazirliyinin kimya birliyinin balansındadır və bu bir az şübhə yaratdı. İkincisi, ora cəmi bir nəfər köçdü, çoxları isə öz tikinti materialları mağazalarını bağladılar, satdılar, ya da fəaliyyət sahəsini dəyişməyə məcbur oldular. Yeni sahibləri isə həmin mağazaları mebel mağazalarına və digər obyektlərə çevirdilər, halbuki, elə həmin Heydər Əliyev prospektində indiyə qədər də şəhərin abadlığına zərər gətirmədən 2 tikinti materialları mağazası fəaliyyət göstərir. Nəhayət, yeni yerdə indiyə qədər də tez xarab olan və kiçik həcmli malların - divar kağızlarının, bahalı sanitar texnikası avadanlıqlarının və s. saxlanması üçün elementar şərait yoxdur. Məgər bu eyni dəyərli təklifdir?”

“Yediyarov anlamalıdır ki, dövlətə, Konstitusiyaya, dövlət başçısının qərarlarına qarşı gedir”

İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, belə hallar Azərbaycanda sahibkarlığa ciddi ziyan vurur, ölkədə aparılan iqtisadi siyasəti alt-üst edir: “Nobel mükafatçısı olan iqtisadçılar deyirlər ki, o ölkədə ki, mülkiyyət hüququ qorunmur, orada inkişafdan danışmaq yersizdir. Sahibkarlığın əsasını nə təşkil edir? Mülkiyyət. Yəni sahibkar obyektdə fəaliyət göstərir. Mülkiyyət hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub. Mülkiyyət hüququ mülkiyyətçinin öz mülklərinə sahiblik etmək, istifadə və ona dair sərəncam verməsidir. Sahibkarlıq fəaliyyətinin kökü bundadır. Azərbaycanda sahibkarların sıxışdırılması dövlət başçısının yürütdüyü siyasətə qarşı addım olmaqla yanaşı Konstitusiyanın əsaslarına zərbədir. Gədəbəyin icra başçısı Ramiz Yediyarov bunu bilməlidir. Yediyarov anlamalıdır ki, dövlətə, Konstitusiyaya, dövlət başçısının qərarlarına qarşı gedir”.

Ə.Həsənov deyir ki, sahibkarın öz obyektindən istifadə edə bilməməsi, orada sahibkarlı fəaliyyətini davam etdirə bilməməsi çox ciddi bir cinayətin ortada olmasından xəbər verir: “Mülkiyyət hüquqi təkcə obyektə sahiblikdən ibarət deyil. Konstitusiyamızda təsbit olunub ki, mükiyyət hüququ təkcə sahiblik deyil, sərəncam vermək və istifadədir. Əgər sahibkar öz əmlakından istifadə edə bilmirsə, deməli, onun Konstitusiya ilə qorunmal olan, bu halda ciddi şəkildə, böyük qanunsuzluqlara yol verməklə bu hüququnu pozublar. Ortada sahibkara qarşı törədilən cinayət tərkibi var. Bu qanunsuzluqda kimlər iştirak edibsə, kim göstəriş veribsə, hər biri qanun qarşısnda cavab verməlidir. Bu sahibkarlıq fəaliyyətinin kökündən boğulmasıdır. Gədəbəyə Bakıdan 4-5 saatlıq yoldur. Orada icra başçısı özünü belə görünür ki, padşah kimi hiss edir”.

Ə.Həsənov Gədəbəydə sahibkarın obyekti qarşısına hörülən daş hasarı hansı dövlət qurumunun sökməli olduğu haqda bunları deyib: “Prezident İlham Əliyev Apelyasiya Şurasını təsis edib. Prezident bu şuraları məhz sahibkarların hüquqlarını qorumaq üçün yaradıb. Bu gün hər icra hakimiyyəti orqanı yanında Apelyasiya Şurası fəaliyyət göstərir. Sahibkar ilkin olaraq Gədəbəy İcra Hakimiyyəti yanında Apelyasiya Şurasına müraciət etməlidir. Oradan aldığı cavab qane etməsə, həmin cavabla Prezident yanında Apelyasiya Şurasına müraciət etməlidir. İnanıram ki, bundan sonra Gədəbəyin icra başçısı Ramiz Yediyarovu yerində oturdacaqlar. Qanunun sərt üzünü ona gəstərəcəklər. Sahibkarın obyektinin qarşısına hasar çəkilməsi özbaşınalıq, qanunları, Prezidentin sahibkarlıqla bağlı qərarlarını saya salmamağın göstəricisidir. Necə yəni icra başçısı sahibkarın mağazasının qapı-pəncərəsini hördürür? Bu böyük cinayətdir. Yerlərdə sahibkarlar icra hakimiyyətlərinə görüm-baxım etmirlərsə, fəaliyyətə başlaya bilmirlər. Sadəcə elə icra hakimiyyətləri var ki, doymurlar, təpəgözlük edirlər. Sahibkarlara qarşı cianytə etməkdən çəkinmirlər”.

Ə.Həsənov sahibkarın məhkəməyə müraciət hüququnun da olduğunu deyib. Bildirib ki, icra başçısı sahibkarın obyektinin giriş-çıxışlarını hasarlamaqla vəzifə səlahiyyətlərini aşıb, rüşvət tələbi olubsa, korrupsiya cinayəti törədilib: “Bu əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Belə əməlləri törədən şəxsləri 12 ildək cəza gözləyir”.

Yada salaq ki, Criminal.az saytı Gədəbəydə sahibkarlığa qəsd haqda məlumatlar dərc edib. 




Loading...

Loading...

Oxşar xəbərlər