''Bu ölkə üçün nədən qorxulu olduğumu dərk edə bilməmişəm''

''Bu ölkə üçün nədən qorxulu olduğumu dərk edə bilməmişəm''

''Dünyada harmoniya itib''

2013-cü ildə  “Daş yuxular”, “Tıxac” əsərlərinə görə prezidentin Sərəncamı ilə fərdi təqaüddən və “Xalq yazıçısı” fəxri adından məhrum edilən yazıçı Əkrəm Əylisli ötən gün 80 yaşını adladı. 

Meydan TV yazıçı ilə əlaqə saxlayaraq bir sıra suallara cavab alıb. 

- Əkrəm müəllim, özünüzü 80 yaşında necə hiss edirsiniz?

- 80 yaş elə bir dövrdür ki, qocalığın problemlərini mütləq hiss edir. Amma mənəvi orqanizm fiziki orqanizmdən daha maraqlıdır və daha çox yaşamalıdır. Həm də mənəvi dünyamda olmayanda özümü yaxşı hiss etmirəm, istəyir haramsa ağrısın, yaxud ağrımasın. Şükür edə bilərəm ki, indi qələmi rahat əlimdə saxlaya bilərəm. 

- Hazırda yazırsınızmı və nədən yazırsınız?

- Bir il əvvəl “Dağlar niyə ki soyuqdur” yazım çox yayıldı, Moskvada da dərc edildi. “Safsar” adlı hekayə yazdım. Əsər Londonun samballı ictimai-ədəbi dərgisində çap olundu. 

- 80 yaşınızda haqqınızda cinayət işi də var, bu yükü necə çəkirsiniz?

- Mən cinayət işinə xitam verilməsini istəyərdim. Ancaq iş uzandıqca narahat edir. Ölkədən çıxışa imkanım olmasa da, xarici ölkələrə getməyə elə bir həvəsim də yoxdur. Yayda üç dəfə Böyük Britaniyadan, Çexiyadan, Latviyadan dəvət alsam da, məlum səbəblərdən gedə bilməmişəm. Əlbəttə, getmək imkanlarım olsa, daha yaxşı olar. Bilmirəm, xaricdə nə qədər qorxulu ola bilərəm?! Ümumiyyətlə, mən xaricdə Azərbaycanın əleyhinə danışmağı özümə sığışdırmıram. Bilirsiniz, ölkədən kənara çıxıb kimisə söymək, tənqid etmək yaxşı deyil, içəridə kişi kimi üz-üzə dayanmaq olduğu halda. Məni ölkədən gedənlər düzgün başa düşsünlər, xasiyyətim belədir. Ancaq bir daha demək istəyirəm, bu ölkə üçün nədən qorxulu olduğumu dərk edə bilməmişəm, niyə xaricə buraxmasınlar?!

- Son vaxtlar kimləri oxuyursunuz? 

- Klassik ədəbiyyatda diqqətimdən kənar qalan əsərlər yoxdur. Böyük məmnuniyyətlə vaxtilə oxuduqlarımı bir də oxuyuram. Məsələn, Steynbeki, Dostoyevskini və digərlərini yenidən oxuyuram. Elə əsərlər var ki, onları 10 dəfə də oxusan ki, sənə elə gələcək ki, yenidən oxuyursan. “Don Kixot”u son vaxtlar iki dəfə oxumuşam, klassik ədəbiyyat böyük ədəbiyyatdır. Müasir ədəbiyyatda mənə təsir edən bir şey yoxdur. Azərbaycan ədəbiyyatına gəlincə, maraqlı proseslər gedir, cavanlar nəsə yaradırlar, müəyyən qədər həqiqətlərə yaxınlaşmağa çalışırlar. Son günlər Mübariz Örənin əsərini oxudum, çox sevindim, bir az həqiqət qoxusu vardı. 

- Dünyanın və Azərbaycanın halından narahatsınızmı?

- Çox narahat edir. Ona görə ki, dünyada harmoniya itib. Siyasətin özündə də harmoniya, ardıcıllıq, insani keyfiyyət olmalıdır. Biz vaxtilə Avropa və Amerikanı “Amerikanın səsi”, Alman dalğası, BBC-azəri radiolarından öyrənirdik, maraq və diqqət vardı. İndi bunlarda nəsə tapıb dinləmək, yaxud oxumaq müşkülə çevrilib. Əksəriyyəti tamamilə gözümdən düşüb, qeyri-səmimiyyət, hər bir tərəf hər şeyi özününkü etmək istəyir. Adını “ölkənin milli marağı” qoyurlar, bizim zamanın ən murdar söhbəti budur. Bəşəriyyətin bir yerdə yaşamağı daha maraqlı olardı. Amma əks mənzərə mənəvi-iqtisadi inkişafın da qarşısını alır. Mən dünyanı bu cür təsəvvür etmirdim, xüsusilə Avropanın indiki vəziyyəti. Gör, vəziyyət nə yerdədir ki, qadın qadınla, kişi kişiylə evlənir. Əslində, təbiətə qarşı ən böyük göstəricisi belə şeylərdir. 

- Ancaq bunu insan haqları sayanlar da var, bu barədə nə deyə bilərsiniz?

- İnsan haqqı Allahın, təbiətin qüdrətindən, qoyduğuqanundan üstün deyil axı. Təbiət insanı kişi və qadın yaradıbsa, başqa necə ola bilər?! Mən onların hamısını öldürmək, yaxud cəmiyyətdən təcrid etməyin tərəfdarı deyiləm. Amma bu murdarlığı üzə çıxartmaq, yaymaq və qanuniləşdirmək bəşəriyyətin gələcəyi üçün o qədər də lazım deyil.




Loading...

Loading...

Oxşar xəbərlər