“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”

“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
Zərifə Həmzəyevanın nümayəndəsinin İlqar İsmayılova qarşı şikayətinə baxılıb
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov deyir ki, AZAL prezidenti Cahangir Əsgərov və onun xanımı Zərifə Həmzəyevadan 16 milyon manatını tələb etdiyinə görə hazırda sifarişlə həbsdədir. Bu barədə o, Bakı Apelyasiya Məhkəməsində danışıb.
Bu məhkəmədə hakim İlqar Murquzovun sədrliyilə Zərifə Həmzəyevanın hüquqşünası və nümayəndəsi Məharət Hüseynlinin İlqar İsmayılova qarşı şikayətinə baxılıb. İş adamının təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Məharət Hüseynli bu məqsədlə Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırmışdı.
O iddia edir ki, İlqar İsmayılovun AZAL prezidentinin ailəsi tərəfindən təzyiqlərə məruz qalması, sifarişlə həbs edilərək, şirkətdəki payının zorla əlindən alınması və s. haqda dövlət orqanlarına şikayətlərində yazdıqları, sosial mediada paylaşdıqları məlumatlar böhtandır. Nəsimi Rayon Məhkəməsi onun şikayətini təmin etməmiş, İlqar İsmayılov haqqında bəraət hökmü çıxarmışdı. Apelyasiya Məhkəməsində Məharət Hüseynlinin həmin hökmdən verdiyi şikayətə baxılır.
Məhkəmədə çıxış edən İlqar İsmayılov AZAL prezidenti və xanımının ona qarşı ittiham və iddialarını Ermənistanın Qarabağ iddiasına bənzədib: "Mənə qarşı ittihamlar Ermənistanın Qarabağ torpaqlarının ona aid olmasına dair iddiaları qədər absurd, məntiqsiz və qanunsuzdur. Təəssüf ki, Azərbaycan məhkəmələri də bu şəkildə absurd, qanunsuz və sübutsuz ittihamlarla sifarişlə hökmlər çıxarır. Bu cür hökm və qərarlar məhkəmə islahatlarına kölgə salır”.
İş adamı deyib ki, ona qarşı böhtan və təhqir iddiasıyla bağlı hazırda məhkəmədə baxılan iş artıq qapadılmalıydı. Çünki 2021-ci ilin noyabrında Zəfər Günü münasibətilə tətbiq edilən Amnistiya Aktının təsiri altına düşür. Amma o, özünü təqsirli bilmədiyinə görə Amnistiya Aktının ona münasibətdə tətbiqinə də ehtiyac görmür:
"Azərbaycan xalqına bu Amnistiya Aktını töhfə verdiyinə görə, cənab prezident başda olmaqla, Milli Məclisə təşəkkürümü bildirirəm. Lakin özümü Cahangir Əsgərov və Zərifə Həmzəyevanın irəli sürdüyü ittihamların heç biri üzrə təqsirli bilmirəm. Ona görə də sona qədər təqsirsizliyim və bəraətim uğrunda mübarizə aparacağam. Bu səbəbdən heç mənə Amnistiya Aktı tətbiq edilməsini istəmirəm”.
Hakimləri cəsarətli olub, ədalətli qərarlar verməyə səsləyən İlqar İsmayılov məhkəmədə çıxış edərkən AZAL prezidentinin ona 2017-ci ildə 2 milyon manat maddi yardım etməsi haqda yayılan xəbərlərə də münasibət bildirib. O, bunu təkzib edib. "Bütün bunlar şayiədən başqa bir şey deyil. Heç vaxt Cahangir Əsgərovdan nə maddi yardım istəmişəm, nə də qəbul etmişəm. Əslində, Cahangir Əsgərov özü də heç kimə maddi yardım edən şəxs deyil. Cahangir Əsgərov mənə "İdeal” şirkətində olan payımın əvəzi olaraq, 18 milyondan cəmi 2 milyonu ödəyib. Yəni, bu, mənim haqqımdır, yerdə qalan 16 milyonu isə bu günədək ödəməyib”, – iş adamı bildirib.
İlqar İsmayılov əlavə edib ki, məhz həmin 16 milyonu tələb etdiyinə görə həbsdədir: "Bu səbəbdən Cahangir Əsgərov və onun həyat yoldaşı Zərifə Həmzəyeva ilə 10-a qədər məhkəmə çəkişməsindəyəm”.
Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, İlqar İsmayılov 6 il azadlıqdan məhrum edilib
2021-ci ilin aprelindən həbsdə olan iş adamı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirli bilinib. İttihama əsasən, iş adamı 2013-2016-cı illərdə "İdeal”ın kassasından şirkətin digər həmtəsisçisi Zərifə Həmzəyevanın xəbəri olmadan 680 min manat vəsait götürərək, şəxsi ehtiyaclarına xərcləyib.
İddiaya görə, bunun 280 min manatına özünə mənzil alıb. İlqar İsmayılov özünü təqsirli bilmir, ittihamda yazılanların əsassız, uydurma olduğunu, Nərimanov rayonundakı mənzilin isə ümumiyyətlə, 280 min manata alınmadığını deyir. İlqar İsmayılov "İdeal Company”ni 1999-cu ildə yaradıb. 2011-ci ildə şirkətin 50 faizini AZAL prezidentinin xanımına sataraq, onunla şərik olub.
İş adamının sözlərinə görə, həmtəsisçi olandan sonra Zərifə Həmzəyeva qalan payı da ələ keçirmək istəyib. O isə payını verməkdən imtina etdiyinə görə 2016-cı ildə barəsində saxta ittihamla cinayət işi başlanıb, həbs edilib. Şirkətdə olan payını verəndən sonra öncə ev dustaqlığına buraxılıb, daha sonra – 2017-ci ilin yanvarında isə həmin cinayət işinə xitam verilib.
İlqar İsmayılov vurğulayıb ki, Cahangir Əsgərov və xanımının əmlakını zorla əlindən alması barədə şikayətlərinə görə onu cəzalandırmaq, fəaliyyətinin qarşısını almaq üçün barəsində yenidən cinayət işi başlandı: "Bu uydurma ittiham əslində, mənim hüquqi müstəvidə başladığım mübarizəyə qarşı yönəlmiş maneədir. Bu məhkəmənin nəticəsindən asılı olmayaraq, əlimdən zorla alınmış haqqım bərpa edilənə qədər mübarizəmi davam etdirəcəm”.
"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarıdır. O, həm də kosmetik məhsullar istehsal edən "Gazelli Group”un rəhbəridir.

Xəbər lenti