Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür. Milli Dirçəliş Günü ölkədə 1992-ci ilin 17 noyabrından qeyd olunur və bu gün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
"1988-ci il noyabrın 17-də yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edərək Bakının mərkəzi meydanına toplaşıb və fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası" olub. "Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi "Meydan hərəkatı”nın əsasını qoyub", yerli medianın məlumatında bildirilir.
"SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan "Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük "Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub", yerli media yazır. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

Xəbər lenti