Bloger və aktyor məhkəmə zalında həbs olundu

Bloger və aktyor məhkəmə zalında həbs olundu
 Mingəçevir Şəhər Məhkəməsinin hökmü dəyişdirilərək ağırlaşdırılıb
Bloger Elçin Həsənzadə martın 2-də Şəki Apelyasiya Məhkəməsində həbs olunub. Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası onun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib, 8 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Onunla birlikdə Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamov da eyni qaydada cəzalandırılıb.
Onların barəsində bu cinayət işi Mingəçevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında başlanıb. Şəhriyar Mustafayev iddia edir ki, Elçin Həsənzadə və İbrahim Salamovun sosial şəbəkələrdə onun haqqında yazdıqları böhtandır. Mingəçevir şəhər Məhkəməsində hakim Hüseyn Mirzəliyev bu iddia əsasında aktyor və blogerin hər birinin 1 il islah işlərinə məhkum edilməsi haqda hökm çıxarılmışdı. Həm təqsirləndirilən şəxslər, həm də Şəhriyar Mustafayev hökmdən apelyasiya şikayəti vermişdi. Elçin Həsənzadə və İbrahim Salamov bəraət, Mənzil İstismar İdarəsinin rəisi isə onların cəzasının ağırlaşdırılmasını istəyirdi.
Şəkil Apelyasiya Məhkəməsi Şəhriyar Mustafayevin şikayətini təmin edərək, hökmü dəyişib və cəzanı ağırlaşdırıb. Elçin Həsənzadə iddia edir ki, Mingəçevirdə baş verən qanunsuzluqları, məmur özbaşınalığı və korrupsiya hallarını ictimailəşdirdiyinə görə icra başçısı İlham İsmayılovun sifarişilə cəzalandırılıb.
Onun sözlərinə görə, iddianı qaldıran hüquqi baxımdan Şəhriyar Mustafayev olsa da, işin arxasında dayanan icra başçısıdır. Elçin Həsənzadə martın 2-də məhkəməyə getməmişdən əvvəl sosial media hesablarından paylaşımlarında da icra başçısının sifarişilə haqqında azadlıqdan məhrumetmə hökmünün çıxarıla biləcəyi ehtimalını yazıb.
Elçin Həsənzadə ötən il Məhəmməd Əmin Rəsulzadənin şəklini Mingəçevirdəki abidələrdən birinin üstünə yapışdırıb. Sonradan həmin şəkli cırıb yerə atıblar. İddia olunur ki, bunu Şəhriyar Mustafayev eləmişdi. Aktyorun sözlərinə görə, Şəhriyar Mustafayevin həmin əməlini ictimailəşdirdiyi üçün onu da cəzalandırırlar.

Xəbər lenti