Baş prokuror: “Helikopter hadisəsindən sui-istifadə edənlər sərt cəzalandırılacaq”

Baş prokuror: “Helikopter hadisəsindən sui-istifadə edənlər sərt cəzalandırılacaq”
"Bu hadisədən siyasi məqsədləri üçün sui-istifadə hallarına cəhdlər edilir”
"Bəzi şəxslər 30 noyabr helikopter hadisəsindən siyasi məqsədləri üçün sui-istifadə hallarına cəhdlər göstərir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır”. Bunu Baş prokuror Kamran Əliyev dekabrın 1-də həlak olanların vida mərasimində jurnalistlərə deyib.
Kamran Əliyev bildirib ki, bu şəxslərlə bağlı Azərbaycan qanunvericiliyində nəzərdə tutulan ən sərt tədbirlər görüləcək. "Bu faciədən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir”, – deyə Baş prokuror həmin şəxslərin cəzalandırılacağını qeyd edib.
Kamran Əliyev faktla bağlı artıq cinayət işi başlandığını söyləyib: "Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq. Faciəvi hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq”.
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbçi həlak olub, 2 nəfər yaralanıb. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev keçirdiyi brifinqdə bildirib ki, hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil: "Ancaq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”

Xəbər lenti