Bakıda torpaqları zəbt edən saxta əlil dəstəbaşının ŞOK cinayət dosyeləri üzə çıxdı

Bakıda torpaqları zəbt edən saxta əlil dəstəbaşının ŞOK cinayət dosyeləri üzə çıxdı
Qurban Məmmədov 2 dəfə dələduzluğa görə həbsdə olub
Bakıda dövlət torpaqlarını zəbt edən, adı reyder hücumların baş qəhrəmanı kimi hallanan "Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmməd oğlu Məmmədovla bağlı sensasion məlumatlar üzə çıxıb.
Məlum olur ki, Qurban Məmmədov 2 dəfə dələduzluğa və sənəd saxtalaşdırmağa görə həbsdə olub. "Yeni Müsavat”ın ötən saylarında "Bakıda torpaqları zəbt edən saxta əlillər şəbəkəsi haqda şok faktlar” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Qurban Məmmədovun başçılığı altında, makler Yusif Allahverdiyevin və vəzifə daşıyıcılarının dəstəyi ilə saxta əlillərin Nərimanov rayonu ərazisində Dərnəgül küçəsi 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində səki və yaşıllıq zolağını zəbt etmə cəhdindən yazmışdıq.
 
O zaman "Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi baş verən qanunsuzluqlarla bağlı açıqlama versə də, Qurban Məmmədovun şəxsi barədə suallara cavab verməkdən yayınmışdılar. Onun dələduzluq və sənəd saxtalaşdırılmasına görə məhkum edilməsi haqda iddiaları qətiyyətlə rədd edirdilər.
Ortaya çıxan faktlar isə Qurban Məmməd oğlu Məmmədovun əvvəllər məhz dələduzluq və rəsmi sənədlərin saxtalaşdırmasına görə məhkum edildiyini təsdiqləyir. Belə ki, 1971-ci ildə Gəncə şəhərində anadan olan Qurban Məmmədov sonuncu dələduzluq əməlini təsis etdiyi "Bakı torpaq” MMC üzərindən geçəkləşdirib. Bir qrup şəxslə əlbir olan Qurban Məmmədov Sahib İsmixan oğlunun Təmoyevin etibarından sui-istifadə etməklə ondan 6 min manat alıb və ona məxsus torpağı sənədləri saxtalaşdırmaqla ələ keçirilməsini təşkil edib. 2018-ci ilin avqustunda Qurban Məmmədovun cinayət işi Sabunçu Rayon Məhkəməsində araşdırılıb.
Qurban Məmmədov məhkəmə qarşısına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.3 (vəzifəli şəxs tərəfindən dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci(sənədlərin saxtalaşdırılması) maddələri ilə ittiham edilməklə çıxarılaraq məhkum olunub. 

İttihama görə "Bakı Torpaq” MMC-nin direktoru vəzifəsində işləyərkən Qurban Məmmədov Sahib İsmixan oğlu Təmoyeviin etibarından istifadə edib. Ondan aldatma yolu ilə 6 min manat almaqla 0.3 sot torpaq sahəsini sənədləşdirəcəyini vəd edib.
Bunun üçün Xətai Rayon İcra Hakimiyyətinin adından saxta sənəd verib. İşin üstü açılanda isə Qurban Məmmədov istintaqa cəlb olunub və məhkum edilib. Bu, Qurban Məmmədovun ilk dələduzluq əməli və sənəd saxtalaşdırması deyil.
2011-ci ildə oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində Qurban Məmmədovun dələduzluq maddəsi ilə ittiham edilməsinə dair cinayət işi üzrə hökm çıxarılıb. Həmin hökmlə Qurban Məmmədov 5 il, 11 ay, 3 gun azadlıqdan məhrum olunub.
Belə görünür ki, təyin olunan cəzalara rəğmən Qurban Məmmədov köhnə şakarəindən əl çəkməyib. Saxta "qazi”lərin davası düşdü-VİDEO - İndi də Nərimanov rayonu ərazisində köhnə əməllərini təkrarlayır.
Qeyd edək ki, "Yeni Müsavat”a müraciət edən bir qrup kiçik sahibkar bildirib ki, 1 ilə yaxındır ki, "Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi adı altında fəaliyyətdə olan, özünü əlil adlandıran şəxslər onların fəaliyyətinə mane olur. Sahibkarların redaksiyamıza bildirdiklərindən sitat: "Bizlərə qarşı mənəvi və hüquqi terror etməklə məşğuldurlar.
Onlar Dərnəgül küçəsi 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində giriş-çıxış yolunu baglatdıraraq, bizlərin, ərazidə fəaliyyət göstərən sahibkarların obyektlərinin düz qarşısında obyekt tikməyə cəhd göstərirlər. Əllərində isə saxtalığı Bakı Şəhər İcra Hakimiyyətindən, Nərimanov Rayon İcra Hakimiyyətindən təsdiqlənən bir məktubun surəti var.
Həmin məktubu əllərinə alıb özbaşınalıq, qanunsuzluq, cinayət etməkdən çəkinmirlər. Onların reyder hücumlarının təşkilatçısı Yusuf adlı maklerdir. O, əraziyə Az 90 DF 646 dövlət qeydiyyat nişanlı, ”Land Cruiser" markalı maşına gəlir. Saxta əlilləri əraziyə o gətirir, "vurun, dağıdın” əmrini də o verir. Anar Dəmirovun başından əsa ilə zərbəni də onun göstərişindən sonra vurdular".
Şikayətçilər deyir ki, əlilliyi şübhə altında olan şəxslərin onların fəaliyyətinə mane olmaqdan əlavə, zəbt edib tikinti aparmaq istədikləri sahə dövlət mülkiyyətində olan yaşıllıq sahəsidir və magistral avtomobil yolunun mühafizə zolağıdır: "Yaşıllıq zonasında, magistral avtomobil yolunun mühafizə zolağında tikinti işləri aparmaq, ümumiyyətlə, qanunla qadağandır. Bu barədə dövlət orqanları onlara xəbərdarlıq da edib. Buna baxmayaraq, özlərini əlil adlandıran bu şəxslər vaxtaşırı əraziyə gəlib dava-dalaş salır, ərazidə qanunsuz tikinti aparmağa cəhd göstərirlər. Nəticədə dəfələrlə onlarla ərazidə fəaliyyət göstərən sahibkarlar arasında dava-dalaş düşüb. Hazırda Nərimanov Rayon Polis İdarəsində cinayət faktları ilə bağlı bir neçə araşdırma gedir”.
Şikayətçilər deyir ki, İctimai birlik sədri Qurban Məmmədov özü kənarda dayanır və əməllərindən xəbərsiz olan 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarını qabağa verir: "Qarabağda vuruşan, Vətənimiz üçün canından keçən hər bir Vətən övladı qarşısında baş əyirik. Bildiririk ki, bizlər də döyüşlərdə iştirakçı olmuşuq, 44 günlük müharibə günlərində dövlətimizə əlimizdən gələn dəstəyi vermişik. Qurban Məmmədovun oyuna salıb üstümüzə göndərdiyi müharibə iştirakçılarının bəziləri ortada dələduzluq, qanunsuzluq, cinayət olduğunu bilib sakitcə ərazidən uzaqlaşırlar. Ötən müddət ərzində Qurban Məmmədovun başının dəstəsi ilə dəfələrlə Bakının ayrı-ayrı rayonlarında bu cür qanunsuz hərəkətlər etməklə torpaqların, restoranların zəbt olunmasında adı keçib. Bu ilin aprelində gecə yarısı Qurban Məmmədovun dəstəsi bizim iş yerimizin qarşısına da hücum etdi. Oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv etməklə ərazini zəbt etməyə çalışdılar. Bizim gözətçimizə təzyiq göstərdilər, vurdular. Dövlət qurumlarının müdaxiləsi nəticəsində yaşıl soyqırım qeydə alındı, Qurban Məmmədovun dəstəsinin cinayəti protokollaşdırılaraq istintaqa təqdim olundu. Bu günə qədər həmin cinayət işi yerində sayır...”

Xəbər lenti