Bakıda prokuror Kəlbəcəri minalamaqda ittiham olunan Ermənistan vətəndaşlarına cəza istəyəcək

Bakıda prokuror Kəlbəcəri minalamaqda ittiham olunan Ermənistan vətəndaşlarına cəza istəyəcək
 Sənədlərin elanı və tədqiqi mərhələsi başa çatıb
Bakıda həbsdə olan Ermənistan vətəndaşlarından daha iki nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Fevralın 28-də prokuror onlara cəza istəyəcək. Söhbət Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazisini minalamaqda ittiham olunan iki nəfərdən – Sarqsyan İşxan Aşoti və Rafaelyan Vladimir Otaridən gedir. Onlar 2021-ci il mayın 26-dan 27-nə keçən gecə saat 3 radələrində saxlanıb.
Adları çəkilən Ermənistan vətəndaşlarının işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, məhkəmə prosesi Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilir. Yanvarın 24-də keçirilən məhkəmədə cinayət işinin materiallarında olan bir sıra sənədlər elan edilib. Həmin sənədlərdə göstərilib ki, təqsirləndirilən Ermənistan vətəndaşları 27 may 2021-ci ildə gecə saat 3 radələrində Azərbaycan sərhədini Kəlbəcər rayonu istiqamətində qanunsuz keçiblər. Onların Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələri və digər təyinatlı məntəqələrin keçid yollarında minalanma işlərini həyata keçirdiyi iddia olunur.
Sənədlərdə göstərilib ki, təqsirləndirilən şəxslərdən ümumilikdə 23 ədəd mina götürülüb. Elan edilən sənədlərdən o da aydınlaşıb ki, mayın 27-də təqsirləndirilən İşxan Sarqsyan və Vladimir Rafaelyanla yanaşı, daha 4 nəfər də saxlanılıb. Lakin onlar ötən il Ağdam rayonu ərazisindəki minaların xəritələrinin verilməsi müqabilində Ermənistana qaytarılan şəxslərin arasında olub.
Bundan başqa, təqsirləndirilən İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu ildə çəkilmiş faylda Azərbaycan Tovuz rayonunun Ağbulaq kəndinin koordinantları tapılıb. Cinayət işinin materiallarında vurğulanıb ki, Bakı-Tbilisi- Ceyhan neft kəmərinin stansiyası o kəndin yaxınlığındadır. Hakimlər elan edib ki, İşxan Sarqsyanın telefonundan həmçinin onların saxlandığı və mina düzdükləri iddia olunan yerin – Kəlbəcər rayonun Yuxarı Ayrım kəndinin əvvəl çəkilmiş görüntüləri tapılıb. Sənədlərin elanı və tədqiqi mərhələsi başa çatandan sonra prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim Elmin Rüstəmov yanvarın 28-nə qədər vaxt verib.
Adları çəkilən Ermənistan vətəndaşlarına qarşı Cinayət Məcəlləsinin 214.2.3 (Terrorçuluq, silahdan istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah-sursat əldə etmə, saxlama), 318 (ölkə sərhədini keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər 2021-ci il mayın 26-dan 27-nə keçən gecə Kəlbəcər istiqamətində sərhədi qanunsuz keçərək, Azərbaycan ərazisini minalayıblar. Bu zaman Azərbaycan hərbçiləri onları saxlayıb, üzərlərində olan tank və piyadalar əleyhinə minalar götürülüb. Lakin İşxan Sarqsyan və Vladimir Rafaelyan özlərini təqsirli bilmir. Hərbçi olduqlarını və əmri icra etdiklərini deyirlər. Ermənistan tərəfi də mayın 27-də yaydığı bəyanatda adları çəkilən vətəndaşlarının Azərbaycanla sərhəddə – Ermənistan Silahlı Qüvvələri tərəfindən mühafizə olunan ərazidə mühəndis işləri apararkən girov götürüldüyünü bildirib.

Xəbər lenti