Azərbaycanın Rusiyadakı səfirliyinin xüsusi bəyanatı: “Sərhəddəki döyüşlər kortəbii xarakter daşımırdı”

Azərbaycanın Rusiyadakı səfirliyinin xüsusi bəyanatı: “Sərhəddəki döyüşlər kortəbii xarakter daşımırdı”
 "Bu il noyabrın 16-da Ermənistan hərbi-siyasi təxribata əl ataraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma cəhd edib. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi və artilleriya texnikasından istifadə etməklə hücumun qarşısını almaq üçün adekvat və təsirli tədbirlər həyata keçirib. Toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb". Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin xüsusi bəyanatında deyilir.
Bəyanatın bir nüsxəsi redaksiyamıza göndərilib. Rusiya səfirliyi vurğulayır ki, 2021-ci il noyabrın 16-da baş verən qarşıdurmaların kortəbii insident xarakteri daşımadığı göstərilir. Bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əvvəlcədən planlaşdırılmış və məqsədyönlü təxribatıdır. Vəziyyəti gərginləşdirmək üçün onlar Kəlbəcər və Laçın rayonları istiqamətində bir sıra yüksəklikləri ələ keçirməyə və bununla da hərbi üstünlük əldə etməyə cəhd ediblər.
Məlumatda, həmçinin Ermənistan Silahlı Qüvvələrinin digər təxribat xarakterli əməlləri də qeyd olunub: "44 günlük müharibədə ağır məğlubiyyətin əvəzini çıxmaq üçün Ermənistan Azərbaycan ordusunun bölmələrinə qarşı ardıcıl təxribatlara başlayıb. Noyabrın 6-7-də Ermənistanın keçmiş müdafiə naziri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qeyri-qanuni səfər edib və bir sıra qızışdırıcı və təxribat xarakterli hərəkətlərə yol verib. Bu il noyabrın 19-da isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə məxsus mühəndis texnikasını atəşə tutub. Həmin gün Ermənistan tərəfi Laçın rayonunun Qaragöl gölü ətrafında Azərbaycanın mövqelərinə gedən yola 60 nəfərlik hərbi qulluqçu yerləşdirməyə cəhd edib. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi mühasirəyə alınıb. Rusiya tərəfinin xahişini nəzərə alan Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək erməni hərbçilərin geri qayıtmasına şərait yaradıb. Bu il noyabrın 13-də Şuşa şəhəri yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinə qumbara ataraq növbəti terror aktı törədiblər. Nəticədə 3 hərbçi yaralanıb”.
"Yuxarıda deyilənlərdən göründüyü kimi, regionda gərginliyin artmasına görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və o, sərhəddə həyata keçirilən hərbi avantüraya paralel olaraq beynəlxalq aləmdə Azərbaycana qarşı yalan və qaralama kampaniyasını davam etdirir. Azərbaycan o mövqedən çıxış edir ki, beynəlxalq ictimaiyyət suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn toxunulmazlığına qarşılıqlı hörmət əsasında, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanı Azərbaycana qarşı əsassız iddialar irəli sürməyi son qoymağa çağırmalıdır və ikitərəfli dövlətlərarası münasibətlərin qurulması üçün konstruktiv addımlar atmağa, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamağa məcbur etməlidir.

Xəbər lenti