Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI

Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
Keçən il iyulun ortalarında hərbi vəziyyət gərginəşəndə "BİZ" platformasında müzakirələrdə demişdik ki, bu, artıq hibrid müharibədir və belə müharibəni Ermənistan kimi dövlət apara bilməz, çünki o, belə savaş üçün zəruri olan resurslara malik deyil. Ermənistan bu müharibəni aparan Rusiyanın əlində alətdir.
Hibrid müharibə nədir?
Bu başdan deyim ki, müasir müharibələrin hamısı hibrid müharibə sayılır və belə müharibə hərbi güc vasitəsilə açıq müdaxilədən savayı düşmənə qarşı eyni zamanda həyata keçirilən diversiyaları, iqtisadi və hərbi sabotajı, informasiya müharibəsini, kibermüharibəni, siyasi, psixoloji və s. təsirləri əhatə edir. Azərbaycana qarşı müharibə hələ bitməyib və ordumuzun hərb meydanındakı qələbəsini gözləmədiyindən pat vəziyyətinə düşmüş düşmən hibrid müharibənin digər komponentlərini işə salıb. Atəşkəsdən sonra ordumuzun nəzarət etdiyi ərazilərə erməni diversantları yollasa da onun bu addımı da effekt vermədi. Guya "sülhməramlı" missiya həyata keçirən düşmən missiyanın tələblərinə heç cür uyğun olmayan fəaliyyət növlərilə məşğul olmaqla yanaşı, əsas öhdəliklərini sabotaj edir.
Azərbaycandan əsir götürülmüş erməni diversantların azad ediləməsini tələb edir, amma bizə minalanmış sahələrin xəritəsinin verilməsini təmin etmir. Etməli də deyil, çünki onun başlıca məqsədi növbəti mərhələdə Azərbaycan Ordusuna uğursuzluq təmin etməkdir. Bu mənada hərbçilərimizin və mülki şəxslərin tez-tez minaya düşməsi xof yaradan amillərdən biridir. 
Ərəstun Oruclu
Müharibənin növbəti mərhələsi isə qaçılmazdır və bunun üçün bir neçə səbəbi demək kifayət edər: Əvvəla, Rusiya Qarabağa daxil olmaqla strateji hədəfinə tam çata bilmədi. Onun başlıca vəzifəsi qoşunlarını yerləşdirmək və onların vasitəsilə Qarabağ ərazisindəki bütün kommunikasiyaları nəzarətə götürmək idi. Azərbaycan Ordusunun uğurlu ildırım sürətli hücumu (blitzkrieg) buna imkan vermədi.
Belə ki, cənub istiqamətində sürətlə irəliləyən ordumuz Azərbaycanın İranla həmsərhəd olan ərazilərini tam nəzarətə götürməklə həm də Rusiyanın Yaxın Şərqə çıxışını təmin etməli olan Cəbrayılı da azad etdi ki, bu da həmin əraziyə sülhməramlı adı altında Rusiya qoşunlarının yeridilməsini mümkünsüz etdi. Şüşanın azad edilməsi isə təkcə uğurlu hərbi əməliyyat yox, həm də düşmənin öz casuslarının əlilə illərdir dağıtmağa çalışdığı ordumuzun gücünün, döyüş qabiliyyətinin və potensialının mümayişi idi.
Düşmən bunu bizə bağışlaya bilməz, çünki bu həm də onun üzünə tüpürmək idi! Hələ müharibə dövründə rus hərbi ekspertlərdən birinin "Azərbaycanın geosiyasi vəzifələri həyata keçirmək üçün vacib olan güclü ordusu var" deməsinin ciddi və təhlükəli siqnal olmasını yazmışdım.
Təəssüf ki, ünvanımıza deyilən istənilən xoş sözdən eyforiyaya qapılmaq kimi bir zəifliyimiz var və elə o zaman da çoxları bu xəbərdarlığı qəbul etmək istəmədi, "imkan vermirsiniz qələbənin dadını çıxaraq kimi" emosional ittihamlar səsləndirdi. Düşmən isə hissə qapılmadan öz işini görməkdədir. Öncə bütün casus şəbəkəsini aktivləşdirərək Rusiya ordusunun Qarabağda yerləşdirilməsinin bizim üçün əlverişli olmasını, "Rusiya onsuz da istədiyini edəcəkdi" və s. bu kimi tezisləri dövriyyəyə buraxdı.
Hələ sovet KGB-si dövründən qalma və müstəqil dövlətdə də yüksək vəzifələr tutmuş təcrübəli agentlər bu işə cəlb olundu. Onların təbliğatının təsiri altına düşən minlərlə sadəlövh insanın hesabına Azərbaycan cəmiyyəti parçalandı. Ardınca qazilərə və şəhidlərə hörmətsizlik, bundan sonra da Rusiya agenturası yuvası olan hərbi prokurorluğun əlilə ön cəbhədə döyüşmüş hərbçilərə qarşı saxta, əsassız ittihamlar bu dairəni qapadı. 2016-cı ilin təkrarı.
Məsələ bununla da bitmir. Bu günlərdə deputat Vahid Əhmədov rus qoşunlarının ölkəyə gəlməsindən ruhlanan Rusiya 5-ci kolonunun aktivləşməsini dilə gətirdi. Görünür, Vahid müəllim rəsmi şəxs olduğundan 5-ci kolonun Rusiyanın özü tərəfindən aktivləşdirildiyini deməkdən vazkeçdi. Əslində isə belə deyilməli idi. Başqa amilləri də sadalamaq olardı, amma düşünürəm ki, artıq bunlar necə dərin və çoxşaxəli işləyən bir düşmənlə üz-üzə olduğumuzu anlamaq üçün kifayət edir. Bəli, qarşıdan yeni müharibə gələ bilər və onun bir səbəbi də Putin oğrukratiyasının Rusiyanın daxilində və onun xaricində düşdüyü vəziyyətdir.
İmperiya durmadan dərinləşən böhran içindədir, bndan diqqəti yayındırmağın ən yaxşı yolu isə müharibədir. Ölkənin hüdudlarından kənarda və tam olaraq qələbə vəd edə biləcək bir müharibə bu gün Rusiyaya hava-su kimi vacibdir. İdealda belə bir müharibə imperiyanın geosiyası maraqlarını da təmin edən kampaniya olmalıdır. Bu isə bizi yenidən hədəfə gətirir. Daha doğrusu, hədəfdə saxlayır. Bundan bacardıqca qaçmağın yolları və o, baş verəcəyi halda isə nə etmək lazım olduğu haqda isə sabahkı yazımda. 
 
Ərəstun Oruclu 
Siyasi şərhçi, 
sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri

Xəbər lenti