Avropa Məhkəməsi: Azərbaycanla bağlı 300-dək qərarın 41-i icra edilib

Avropa Məhkəməsi: Azərbaycanla bağlı 300-dək qərarın 41-i icra edilib
Azərbaycanla bağlı qərarların 248-nin icrasına nəzarət davam edir
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı icra mərhələsində olan 300-dək qərarının cəmi 41-i tam icra edilib.
Hüquqşünas Xalid Ağəliyev deyir ki, tam icra edilməsini gözləyən qərarların sayı daha çoxdur – 248. "Müqayisə üçün deyim ki, AİHM-in Gürcüstanla bağlı qəbul etdiyi 150-yə yaxın qərardan 85-i tam icra edilib, 63-ü icra mərhələsindədir. Ermənistana qarşı 140 qərardan isə 84-ü tam icra edilib, 57-si isə icra mərhələsindədir”.
Beləliklə, AİHM-in qərarlarının icra durumu haqqında yenilənən statistik bilgilərində Azərbaycanla bağlı məlumatlar da yer alıb. 2011-ci ildən 2021-ci il iyunun 14-dək olan dövrü əhatə edən sənəddə bildirilir ki, bu dövr ərzində Azərbaycandan 300-dək qərar icra mərhələsinə daxil olub. Onlardan cəmi 41 qərarın icrasına nəzarət qapadılmış sayılır.
Statistikaya görə, 2012-ci ildə 1, 2018-ci ildə 18, 2019-cu ildə 16, 2020-ci ildə isə 6 qərarın icrasına nəzarət qapadılıb. İcrası başa çatan işlərdən 5-i "aparıcı”, 36-sı isə "təkrarlanan” işlər olub. Sənəddə ümumilikdə icrası başa çatmış, icrası davam edən, yubanan və nəzarət mərhələsinə yeni daxil olmuş qərarlar barədə məlumat verilib.
Bildirilib ki, hazırda AİHM-in Azərbaycanla bağlı qərarlarının 248-nin icrasına nəzarət davam edir. İcrası yubanan belə qərarların 202-si "təkrarlanan”, 46-sı isə "aparıcı” qərarlardır. İllər üzrə göstəricilərdə icrası yubanan qərarların sayında artım tempi müşahidə olunur. İcrası yubanan təkraralanan qərarların sayı 2011-ci ildə 22, 2012-ci ildə 38, 2013-cü ildə 48, 2014-cü ildə 72, 2015-ci ildə 102, 2016-cı ildə 115, 2017-ci ildə 143, 2018-ci ildə 131, 2019-cı ildə 155, 2020-ci ildə 190, 2021-ci ildə isə 202 olub.
Bundan əlavə, 2021-ci ildə 11 yeni qərar icra mərhələsinə daxil edilib. Avropa Şurasına üzv dövlətlər AİHM-in qərarlarını tam olaraq icra etməlidirlər. Dövlətlər Avropa Konvensiyasına qoşulmaqla AİHM-in qərarlarına əməl etmək öhdəliyi götürüblər. Bu öhdəlik Konvensiyanın 46-cı maddəsində təsbit olunub.
AİHM qərarlarının icrasına nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi (AŞ NK) həyata keçirir. AİHM-nin qərarları qəti olduqdan sonra icrasına nəzarət edilməsi üçün AŞ NK-nə göndərilir. AİHM qərarlarının icrasına qərarların "aparıcı”, "təkrarlanan” və "izolə edilmiş” işlər üzrə təsnifləndirilməsi işığında nəzarət edilir. Belə təsnifləndirmə qərarların icrasına nəzarət sisteminin asanlaşdırlmasına xidmət edir. Təsnifləndirmənin məqsədi "aparıcı işlər”in müəyyən edilməsidir. Bu işlər yeni ümumi tədbirlərin həyata keçirilməsini zəruri edən, kompleks və ya struktural problemləri ortaya çıxaran qərarlardır.
Daha əvvəlki məhkəmə işlərində təsbit olunan sistemli problemlərlə bağlı olan işlər "təkrarlanan işlər” kimi təsnif edilir.

Xəbər lenti